Baş səhifə | Bizimlə əlaqə
Təqvim
Reytinq

06 -11 -2009 . Gənc yazarlar müsabiqəni boykot etdilər

Yazıçılar Birliyi Milli kitab mükafatına əngəl oldu

Azərbaycanda ilk dəfə olaraq Milli kitab mükafatı təsis olundu. Müasir Azərbaycan ədəbiyyatının inkişafına yönəlmiş mükafatın təsisçisi, “Əli və Nino” nəşriyyat evinin sahibəsi Nigar Köçərlinin sözlərinə görə  ilin ən böyük mədəni hadisəsinə çevrilmək iddiasında olan Milli kitab mükafatına vətəndaşlığından asılı olmayaraq Azərbaycan dilində yazılmış bütün əsərlər, o cümlədən dilindən asılı olmayaraq Azərbaycan vətəndaşı tərəfindən yazılmış əsərlər təqdim oluna bilər. Qeyd edək ki, qaydalara əsasən namizəd əsərlər 40 min çap həcmində olmalı və bu ilin dekabrın 31-nə kimi müsabiqəyə təqdim edilməlidir. Yanvarın 26-da azı 20 əsərin adı müəyyənləşdiriləcək ki, onlardan hansının qalib olacağı artıq münsiflər heyətinin üzərinə düşən məsələdir. Birinci yeri tutana 3000, ikinci yerin qalibinə 2000, üçüncü yerin sahibinə isə 1000 manat həcmində mükafat veriləcək. Ən yaxşı 10 əsər dərc olunaraq dövlət kitabxanalarına və təhsil ocaqlarına paylanacaq. Bəs görəsən gənc yazarlar sözügedən müsabiqəni necə dəyərləndirir və onlar müsabiqəyə qatılacaqlarımı?

Qan Tural: «İstedadsız yazarlar müsabiqənin qalibi olacaq»

Gənc yazar Qan Turalın deyir ki, o heç bir əsərini müsabiqəyə təqdim etmək niyyətində deyil:  «Çünki müsabiqənin münsüflər heyyətində yer alan adamların ədəbiyyatdan başı çıxmır. İstisna olaraq Rəşad Məcidi və Rüstəm İbrahimbəyovu deyə bilərəm ki, digərləri ilə müqayisədə onları münsif kimi qəbul etmək olar. Ancaq digərlərinin ədəbiyyatda yaxından, uzaqdan heç bir aidiyyatı yoxdur və əksəriyyəti də rus dillidir. Məsələn  Elçin Şıxlının  İmayıl Şıxlının oğlu olmaqdan başqa ədəbiyyatla nə əlaqəsi var? Mən utanıram ki, bu gün Seymur Bayımov və Balakışı Qasımov hansısa əsərə qiymət verir”. Qan Tural əlavə edərək bildirdi ki, münsiflər heyyətinin tərkibində olan Çingiz Abdullayevin Azəbaycan dilində cəmi bir əsəri var ki, o da ssenaridən ibarədir: “O mənə nə qiyməti verə bilər? Konkret olaraq gənc yazarlar arasında Səməd Vurğunu tənqid etməyən yoxdur. Ancaq onun da oğlunu münsiflərə salıblar. Açıq görünür ki, burda qərəzli münasibət var. Sevindirici haldır ki, bu ölkədə kitab yada düşür, ancaq  bunu özlərinə, gözlərinə bulaşdırmadan etsinlər. Mən qabaqcadan deyirəm ki, bu nəticəsi olmayan  bir müsabiqədir və ən istedadsız yazarlar onun qalibi olacaq».

Zahir Əzəmət: «Peşəkarlıq və istedad yox, Yazıcılar Birliyinin baxış tərzi önə keçəcək»

«Alma» qəzetinin baş redaktoru Zahir Əzəmət isə “Bizim Yol” a açıqlamasında bildirdi ki, bu müsabiqəyə qədər Mədəniyyət və Turizm Naziliyinin dəstəyi ilə keçirilən “Qızıl kəlmə” müsabiqəsi var idi, «Həmin müsabiqənin necə keçirilməsi və kimlərin qalib elan edilməsi haqda yetəri qədər məlumatlıyıq. Ona görə də bu müsabiqənin də obyektiv olacağına inamım yoxdur. Çünki bu mükafatın üzərində Yazıçılar Birliyinin əli varsa burda mütləq söz və ədəbiyyat qaydaları pozulacaq.  Peşəkarlıq və istedad yox, Azərbaycan Yazıcılar Birliyinin baxış tərzi önə keçəcək. Baş redaktor deyir ki,  keçirəcək müsabiqədən azad yazarların bəhərlənə biləcəyinə şübhə edir: «Amma bununla belə təsisçi müstəqil tərəfdir və inanıram ki, o öz istəyində səmimidir. Gərək münsifləri də obyektiv  və müstəqil tərəflərdən seçməli idi, nəinki Yazıçılar Birliyindən. Mən bu müsabiqəyə qatılmayacağam».

 

Elnur Aslanbəyli : «Bu hökümətin bir proyektidir…»

«Azadlıq» qəzetinin köşə yazarı Elnur Aslanbəyli də müsabiqənin obyektin keçiriləcəyinə inanmır: «Müsabiqəyə qatılmaq fikrində deyiləm  görə ki, kitabım yoxdur. Ancaq kitab olsa da bu müsabiqənin üzvünə çevrilməzdim. Bu hökümətin bir proyektidir və onun obyektiv keçiriləcəyinə inamım yoxdur. Bundan əvvəldə bunlar “Qızıl Kəlmə” adlı eynən belə bir mükafat təsisi etmişdilər. Ancaq onun sonunun hansı biabırçılqla qurtardığının şahidi olduq».

Günel Mövlud: «Mən fırıldaqda iştirak etmək istəmirəm»

Gənc yazar Günel Mövlud deyir ki, inandığı insanları çıxmaq şərti ilə hansısa təşkilatların, fərdlərin, cəmiyyətlərin təsis etdiyi mükafatlara inanmır və belə müsabiqələrdə etmək niyyətində deyil: “Bu müsabiqələrin nəticələri hamının bildiyi və uzun illərdir öyrəşdiyimiz fırıldaqlara gədib çıxır. Mən hələ bu vaxta qədər obyektiv və inandırıcı təsis olunmuş mükafata rast gəlməmişəm. Başda “Media haçarı” müsabiqəsi olmaqda, ən sıradan və dar çərçivədə keçirilən müsabiqələrə qədər. Ona görə də mən kimlərinsə fırıldağında iştirak etmək istəmirəm”.

Seymur Baycan: «Gözəl ideyadır…»

Gənc yazar Seymur Baycanın da müsabiqədə iştirak edib etməyəcəyi ilə maraqlandıq. O deyir ki, belə bir müsabiqənin reallaşması üçün o mükafatın təsisçisi Nigar Köçərliyə uğurlar arzulayır: «Gözəl ideyadır. Ancaq mən münsüflər heyətinin siyahısına baxanda bir az təəccübləndim. Çünki orda Çingiz Abdullayev, Rüstəm İbrahimbəyov, Vaqif Səmədoğlu yəni, bir sıra rusdillilər yığışıblar. Onların arasında gənc yazarlara nisbətən yaxın olan isə Rəşad Məciddir. Elçin Şıxlıda həmin rus dililər dəstəsinə aiddir. Məni bu müsabiqədə qane etməyən digər bir məqam, ordakı adamların hamısının ənənəvi ədəbiyyata yaxın olmamalıdır. Münsüf təyin edərkən müxtəlif baxışlı bir qrup əbdəbiyyatçını bir araya gətirsəydilər, onda obyektivliyə ümid etmək oladı”.  S. Baycan deyir ki, hələ ki,  müsabiqəyə qatılıb qatılmayacağım haqda dəqiq qərar verməyib:
«Tərəddüd edirəm,  hərçənd ki, Nigar Köçərli “Bizim Yol” a verdiyi müsahibəsində demişdi ki, müəlliflərin arasında ən çox satılan kitab mənim kitablarımdır».

Şair Aqşin: «Özümü gülünc vəziyətə qoymaq istəmirəm»

Şair Aqşin də münsiflərt heyyətinin tərkibindəki şəxslərdən narazılıq etdi: “Bu müsabiqə mənim üçün maraqsız olduğu üçün dəqiqliyi ilə  maraqlanmamışam. Ancaq onu bilirəm ki, müsabiqədə münsif kürsüsündə əyləşən şəxslər gənc yazarlarla heç bir əlaqəsi olmayan, hətta onları sevməyən və qəbul etməyənlərdir. Mən ən azından ora hansısa bir kitab təqdim edib özümün gülünc vəziyyətə qoymaq istəmirəm».

Vüsalə ABBASOVA

 




Oxunub: 424 dəfə.