30 -07 -2010 . Ətin qiyməti kəsin bahalanıb
Payız-qış aylarında ət və süd məhsullarının daha 40 faiz qiymət artımı olacağı gözlənilir
Vahid Məhərrəmov bunun səbəbini yem çatışmazlığı, idxal olunan ətin bahalaşacağı ilə izah edir
Bakıda ət və ət məhsullarının qiyməti kəskin şəkildə bahalaşıb. Belə ki, mal ətində 1 manat, toyuq ətində isə 50 qəpik bahalaşma qeydə alınıb. Hazırda bazarlarda 1 kiloqram mal ətinin qiyməti 7 manata təklif olunur. Bahalaşma paytaxtın əksər ət mağazalarında özünü göstərir. Ət satışı ilə məşğul olanlar qiymət artımını Bərdə-Ağcabədi mal bazarında satılan iribuynuzlu malın sayının azalması ilə əlaqələndirirlər. Bildirirlər ki, artıq mal ətinin satışı gəlir gətirmir. Bəzi qəssablar isə bahlaşmanı yem qıtlığı ilə əlaqələndirirlər. Onların sözlərinə görə, qıtlıqla əlaqədar yemin qiyməti bahalaşıb. Bu da ətlik malın diri çəkisinin qiymətinə təsir edib. Qoyun ətinin qiymətində isə dəyişiklik olmayıb. Qoyun ətinin bir kiloqramı 7 manata təklif olunur. Bahalaşma özünü meyvə-tərəvəzdə də göstərir. Hazırda bazarda ən ucuz meyvə 1 manat 50 qəpiyə satılır. Gavalı 1 manat 50 qəpiyə şaftalı isə 3 manata təklif edilir.
Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov ətin bahalaşmasının səbəbini yay mövsümündə kəndlilərin mal-qaranı kökəltmə ilə məşğul olmadıqları ilə əlaqələndirdi: «Havalar isti keçdiyi üçün kökəltmə effekli olmur. Bundan əlavə yayda kəndililər torpaqla çox məşğul olurlar. İşin çoxluğundan heyvanların bəslənilməsi ilə məşğul ola bilmirlər.
Habelə bu mövsümdə ət bazarında alıcılıq qabiliyyətinin aşağı düşməsi də kökəltməyə qarşı marağı azaldır. Müştəri azaldığı halda onun bahalaşması paradoks təşkil edir». V.Məhərrəmov hər ilin iyul-avqust aylarında dana ətinin qiymətində artım olduğunu vurğuladı: «Havalar isti keçdiyinə görə qoyun əti istehlak olunmur. Həmçinin, balıq məhsulları da yeyilmir. Bütün bunları əvəz edəcək yeganə mal əti qalırr. Ona görə də Bakıda bu mövsümdə mal ətinin qiymətində artım müşahidə olunur. Çünki bir tərəfdən istehlak artır, digər tərəfdən kökəltmə azalır». Mütəxəssis bahalaşmanı yem qıtlığı ilə əlaqələdirilməsini əsassız hesab edir: «Yonca kipinin qiymətinin qalxmaı ilə mal ətinin bahalaşmasını əlaqləndirmək düzgün deyil. Çünki yay aylarında mal-qara kipdən, arpadan istifadə etmir. Bahalaşmanı yaradan əsas amillər həmin yemlərdir. Əgər yay aylarında həmin yemlərdən istifadə olunmursa, ətin bahalaşmasına necə təsir göstərə bilər. Bu, absurd məsələdir. Yem qıtlığı yaranıbsa, onu 2-3 aydan sonra hiss edəcəyik». Yeri gəlmişkən ekspert cari ildə yemlik taxılda yaranan qıtlığın, qışda ətin kəskin bahalaşmasına rəvac verəcəyini proqnozlaşdırır. V.Məhərrəmov 3-4 aydan sonra ət və ət məhsullarında 30-40 faiz bahalaşma olacağının qaçılmaz olduğunu düşünür:«Ötən ilin müvafiq dövründə də yemlik taxılın, arpanın qiyməti indiki kimi yüksək həddə çatmışdı. Qısa bir müddətdən sonra idxal olunan taxıl daxili bazarda qiymətlərin stabilləşməsinə ciddi təsir göstərdi. Amma bu il taxıl ixracatçıları sayılan ölkələrdə problemlər yaşanmağa başlayıb. Məsələn, Rusiyada mal-qaranı kütləvi şəkildə kəsməyə başlayıblar. Rus fermerləri yem tapmadıqlarından mal-qaranı kəsirlər. Rusiyada bir müddət ət ucuzlaşacaq, amma sonra kəskin şəkildə bahalaşması gözlənilir. Azərbaycanın ət məhsulları idxal etdiyi əsas ölkələrdən biri də Rusiyadır. Gürcüstandan da Azərbaycana mal-qara idxal olunur. Amma indi ərəblər kütləvi şəkildə Gürcüstandan mal-qara almağa başlayıb. Bütün bunlar bizim bazara mütləq təsir göstərəcək. Daxili bazarda həm ətin, həm də süd məhsullarının bahalaşması qaçılmazdır. Bu isə yem ilə əlaqəli deyil, ətlik mal-qaranın azlığı ilə bağlı olacaq. Həmçinin ucuz qiymətə taxıl idxal olunmazsa, hətta ətin qiymətində 30-40 faizlik bahalaşma gözlənilir».
Vüsalə RÜSTƏMOVA
Oxunub: 107 dəfə.
|