Mirzə Şəfi Vazehin şeirlərini alman dilinə tərcümə edib öz beyin və xəyal gücünün məhsulu kimi çap etdirən alman sonradan biabır oldu. Amma bir qədər keçdi, almanlar Vazehi də unutdular, plagiatlıq etmiş o başabəla müəllifi də. Sonra \"Əli və Nino\" yazıldı. Müəllifinin kimliyi barədə mübahisələr hələ də səngimir. İndisə Azərbaycanın faktiki olaraq heç bir yazıçı və ya şairi Avropa miqyasında tanınmır. Bu yazarlarımızın zəifliyidir, yoxsa Avropanın bizə biganə olması? Ölkədə şair və yazıçı sayılan xeyli adam var ki, onların arasında, təbii, qayət az sayda şəxs gerçək istedad, ədəbi fəhm və bacarıq yiyəsidir. Patrik Züskind, Qabriel Qarsia Markes və ya Frans Kafkanı oxumaq, hətta kütlə üçün erzas-məhsulları ortaya qoyan Paolo Koelyo ilə Xaruki Murakaminin əsərlərindən agah olmaq istedalı yazarlığa dəlalət etmir. Beləsi ən yaxşı halda istedadlı oxucudur. Amma nə edəsən ki, bizim yaşlı yazarlar sovet sürrealizminin paslanmış məngənələrindən qurtara bilmədikləri kimi, gənclərin də tam əksəriyyəti qəbrinin üstündəki torpağın çoxdan daşlaşdığı postmodernizmin buxovlarını ata bilmirlər. Az kitab var ki, onu oxuyandan sonra deja vyu hissi yaranmasınn, cümlələr və ifadələrə, süjet xəttinə və hətta qəhrəmanların situativ davranışına da nə zamansa rast gəldiyini düşünməyəsən. Ədəbi mühitimizə nəzər salanda bir tərəfdə Yazıçılar Birliyinin özünə ucaltdığı və guya Sauron qalası təsiri bağışlayası səflənmiş söz daxmaları, bir tərəfdə də xaotik səpələnmiş xippi komalarını görürük. Ortadan gedən yoldan sola ayrılan boz cığırın üstündə mentalitet, adət-ənənə, şanlı tarix, ağsaqallıq, bayatı və nağıl qalxanlarını düzərək onların arasından bizə boylanan qəzəbli gözlərin sahibləri var. Sağdakı cığır isə rokapop sədaları altında ehkamları dağıtmağa, bütləri yıxmağa və az qala müqəddəs büt sayılan \"korifey\"lərin kəsif qoxulu müqəvvalarını aşırmağa çalışan rəngli söz müəllifləri var. Sizləri bilmirəm, mən birmənalı şəkildə sağı seçirəm və bunun sağçılıq, mühafiizəkarlıq, hətta torilikdə heç bir əlaqəsi yox. Azərbaycan ədəbiyyatında artıq yamanmış mənhusluğa çevrilməyə başlayan söz kəndirbazlığı və qafiyəpərdazlıq inanın, artıq pis görkəmə düşüb. 70 yaşlı kişinin şeirlərində yuxusuz gecələrindən, yar eşqindən bəhs etməsi, sonra Xocalı qurbanlarına rədifli ağı deməsi, sonda da adət və ənənələr xurcununu ortaya qoyaraq yalnız yaşına əsaslanaraq hamıya ağıl öyrətməyə, tənə vurmağa başlaması acınacaqlı durumdur. Ədəbiyyatımızda yaş məhfumu ciddi amil sayılır. Yəni yaşlı, saçların ağ, çənən titrək, gəncliyə xor baxan adam mütləq şəkildə ağsaqqal sayılır. Halbuki çox adamlar var ki, onların 70-80 yaşa çatanda (əgər çatsalar) müdrik və nurani adam olacaqlarına əsla inanmıram. Belələri zooloji varlıq olduqlarından, elə də qalasıdır və saçlarının piqment rənginin dəyişməsinin də heç bir rolu yoxdur. Söz yaradıcılığı da insan xarakterinin mövcud halı ilə can atılan təsəvvür edilən aralıq mərhələ olduğundan yaşlıı nəslin rahat, öyrəşdikləri formatdan çıxaraq yeniliyə doğru gedəcəkləri şübhəli məsələdir. Onlar var və bunu bilərək yola davam etmək gərəkdir - arxada yaşananları unutmamaq, amma onlardan dərs alaraq. Avarların bir atalar sözü var: \"Mollanın dediyini et, amma molla kimi etmə\". Həmin kəlmə həyatdan fərqli olaraq, ədəbiyyatda işləmir. Orası söz məkanıdır və əsas məsələ də deyilən, yazılan və eşidiləndir. Yaxşı əsərin ərsəyə gəlməsi üçün yazarın istedadı yetərli deyil. Bunun üçün istedadla zamanın uyuşması gərəkir ki, həmin məhfumların birləşməsi də sonradan dəfələrlə oxuyacağımız əsərin yazılmasına səbəb olur. Nə yazıqlar ki, kitablar və ümumiyyətlə, ədəbiyyat hamının oxunması vacib bildiyi, amma az adamın oxuduğu nəsnəyə çevrilib. Bəlkə də bunun başlıca səbəbi ölkədəki kitabların əksəriyyətinin sadəcə, müəllifin ruhunun qəlibi olmasıdır. Halbuki bizlərə həm də mütailə həzzi, yəni rüsxətli istirahət də gərəkir. Kitabları, o lal müəllimləri unuduruqsa, onları yada salmırıqsa - unudulan özümüzük. Günahkarlar isə yazmaq üçün yaşamaq əvəzinə yaşamaq üçün yazanlardı. Belələrinin adlarını çəkmirəm - zatən, onları birbəbir tanıyırsınız. O kəsləri ki, ictimai mövqelərini ortaya qoymaqdan çəkinir, yaltaqlığı fərasət sayır, \"gənc nəslə nəsihət\"lər verməkdən doymasalar, yaramaz əməlləri ilə elə həmin gəncləri özlərindən iyrəndirirlər. Və əgər əsərlər insanların davranış və fikirlərinə ciddi təsir edirsə, bunu razılıqla qarşılayıb müəllifi böyük ədib saymaq yox, dövrün naqisliyini anlamaq gərəkir. Qısa olaq. Dünyada onsuz da sözdən bol heç nə qalmayıb.