Baş səhifə | Bizimlə əlaqə
Təqvim
Reytinq

30 -07 -2010 . Yarım ilin cinayət statistikası…

Vilayət Eyvazov: «383 nəfəri birləşdirən 110 mütəşəkkil qrup və dəstə zərərsizləşdirilib»

Bu ilin 6 ayı ərzində Azərbaycanda 11375 cinayət qeydə alınıb. APA-nın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasındakı məruzəsində nazir müavini, general-leytenant Vilayət Eyvazov bildirib.

Nazir müavini deyib ki, cinayətlərin 96 faizi, yəni 10920-si Daxili İşlər Nazirliyi və prokurorluq orqanlarının qanunla müəyyən edilən səlahiyyətləri çərçivəsində təhqiqatı və istintaqı aparılan hüquqa zidd əməllər olub. Onun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə hədə-qorxu ilə tələb etmə 33,3 faiz, soyğunçuluq 26,3 faiz, quldurluq 14,8 faiz, qəsdən sağlamlığa ağır zərər vurma 2,3 faiz, zorlama isə 2,6 dəfə azalıb: “Hesabat dövründə adam oğurluğu cinayəti qeydə alınmayıb. Cinayətlərin açılması 1,3 faiz yaxşılaşaraq 87,3 faiz təşkil edib. Bağlı qalan cinayətlərin sayı isə 164 fakt azalıb”.
V. Eyvazov deyib ki, hesabat dövrü ərzində prokurorluq orqanları ilə qarşılıqlı həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində ötən illərdən bağlı qalan 188 ağır və xüsusilə ağır cinayətin üstünün açılması təmin olunub: “Yerli və dövlətlərarası axtarışda olan 1134, o cümlədən MDB və digər xarici ölkələrdə gizlənən 68 nəfər tutulub. İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışda olan 45 nəfərin və İnterpol xətti ilə digər üzv ölkələrdə axtarışda olan 21 nəfərin yeri müəyyən olunub. Eyni zamanda 391 ağır və xüsusilə ağır cinayət, o cümlədən 12 qəsdən adam öldürmə, 3 adam oğurluğu, 1 banditizm, hərəsi 35 fakt olmaqla quldurluq və soyğunçuluq törətmiş 383 nəfəri birləşdirən 110 mütəşəkkil qrup və dəstə zərərsizləşdirilib. Əllərdə qanunsuz saxlanılan 664 odlu silah və 50 minə yaxın patron götürülüb, bu növ cinayətlərə görə 38 nəfər məsuliyyətə cəlb olunub” .
Nazir müavini bu ilin altı ayında qeyri-leqal dövriyyədən ümumi məbləği 303 min manat olan 4011 ədəd saxta əsginasın çıxardıldığını da diqqətə çatdırıb.




Oxunub: 73 dəfə.