Baş səhifə | Bizimlə əlaqə
Təqvim
Reytinq

30 -07 -2010 . Benzinin qiyməti gələn il artırılacaq

Daha bir neçə xidmət və məhsulların bahalaşacağı gözlənilir

Vüqar Bayramov: «Bu il qiymətlərin yüksələcəyi gözlənilmir»

Rusiyada benzinin qiyməti  qaldırılıb. Belə ki, hökümətin qərarına əsasən 1 litr benzinin qiyməti  3 rubl  artırılıb. Qeyd edək ki, Azərbaycanda da benzinin qiymətinin bahalaşdırılması mümkün sayılır. Xüsusən Avro-2 standartlarına keçiddən sonra qiymət artımının qaçılmaz olduğu bildirilir. Maraqlıdır, qonşu ölkədə benzinin bahalaşdırılması Azərbaycanda da belə bir addımın atılmasına təsir edə bilərmi?
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov
deyir ki, benzinin qiymətinin 1 manata qaldırılacağı yönündə məlumatlara baxmayaraq, Dövlət Neft Şirkəti qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət etməyib: «Avro-2 standartının tətbiqindən sonar bu yöndə narahatçılıq təsdiqlənmədi.
Bununla belə benzinin qiymətinin yaxın zamanlarda artırılıb-artırılmayacağı  müzakirə edilən məsələlərdəndir. İqtisadçı deyir ki,  Azərbaycanda benzinin qiymətinin artırılması iki faktorla bağlıdır: «Avro-2  standartlarının tətbiqi ölkədə istehsal olunan benzinin maya dəyərinə təsir göstərmir. Çünki, Dövlət Neft Şirkətinin məlumatına görə, Azərbaycanda istehsal olunan benzin Avro-2 standartlarına uyğundur. Eyni zamanda neftin dünya bazar qiyməti hələlik Azərbaycanda  benzinin qiymətinin artımına iqtisadi zəmin yaratmir. Belə ki, hazırda 1 barel neftin qiyməti dünya bazarında 70-80 dollar intervalında dəyişir».
Azərbaycanda  benzinin qiymətinin artırılmasının gündəmdən çıxmadığını  söyləyən V.Bayramov  buna əsas kimi bir sıra səbəblər gətirir: «2010-cu ildə Avro-3 standarının tətbiqi gözlənilmir.  Növbəti aylarda neftin dünya bazar qiymətinin kəskin artımı da proqnozlaşdırılmır. Azərbaycanda Avro-2-dən  yüksək standartlara keçilərsə, bu addım  benzinin maya dəyərinin artmasına, eləcə də maya dəyərinin strukturunda dəyişikliklərə gətirib çıxaracaq. O baxımdan 2010-cu ilin növbəti aylarında   benzinin qiymətində artımların olacağı proqnozlaşdırılmır». V.Bayramov  monitorinqlərin 2011-ci ilin əvvəllərində benzinin qiymətinin artırılmacağı ehtimalının böyük olduğunu göstərdiyini deyir: «Gələn ildən daha yüksək Avro standartın tətbiqi ilə bağlı qərarın verilməsi gözlənilir. Bununla da benzinin xərc strukturunda dəyişikliklər olacaq. Digər tərəfdən neftin dünya bazar qiymətinin 70-80 dollar intervalı da Azərbaycanda benzinin maya dəyərinə təsir göstərəcəyindən ilin əvvəlində benzinin qiymətinin  qaldırılması istiqamətində qərarın verilməsi ehtimalı böyükdür».
Bu arada rəsmi statistikaya əsasən hazırda  satılan benzinin maya dəyəri ilə satış qiyməti arasında fərq yoxdur. Mütəxəssis deyir ki, fərqin az olması  istehsal və satışla məşğul olan neft şirkətlərinin rəsmi gəlirlərinin artımına imkan vermir: «Bu faktorlar 2011-ci ilin yanvarından benzinin qiymətinin qaldırılacağı ilə bağlı ehtimalları gücləndirir. Güman olunur ki, Rusiyada benzinin qiymətinin qaldırılması yönündə qərarın qəbuluna baxmayaraq yaxın aylarda Azərbaycanda benzinin qiyməti artırılmayacaq. Lakin 2011-ci ildə qiyməti tənzimlənən bir sıra məhsullarda gözlənilən artımlara benzinin qiymətindəki artımlar da daxil ola bilər».
Vüsalə RÜSTƏMOVA   




Oxunub: 82 dəfə.