Baş səhifə | Bizimlə əlaqə
Təqvim
Reytinq

29 -07 -2010 . «Mavi Mərmərə» olayında üçüncü qüvvənin əli görünür»

Azərbaycanlı tədqiqatçı İsrail və Türkiyədə apardığı araşdırmalarla bağıl «Bizim Yol»a danışıb

İqar Altay: « İsraildə xarici işlər naziri ilə görüşmək daha asandır, nəinki yaralanmış əsgərlə…»


Ekspert, kriminalist İlqar Altay «Mavi Mərmərə» olayını araşdırmaq üçün Türkiyə və İsrailə etdiyi sfəfərdən qayıdıb. O, səfər təəssuaratlarını «Bizim Yol» qəzeti ilə də bölüşüb. İlqar Altayla müsahibəni təqdim edirik.

- İlqar bəy, səfəriniz necə keçdi? «Mavi Mərmərə» gəmisi ilə bağlı müstəqil araşdırma imkanınız oldumu?

- Öncə Türkiyə və İsrailin Bakıdakı səfirliklərinə bu missiyaya yaşıl işıq yandırdıqları üçün təşəkkür edirəm. Hər iki ölkə bu məsələyə öz milli maraqları səviyyəsinlə yanaşır. Buna baxmayaraq, məsələnin obyektiv araşdırılmasına, icimai marağa və mətbuata olan hörmət səfirliklərdən necə başlandısa,  həmin ölkələrin daxilində də davam etdi. Bu iki ölkənin təhlükəsizlik baxımından öz xüsusiyyətləri var. Araşdırma üçün lazımi informasiya əldə edilməsi də elə aparıldı ki, bu dövlətlərin maraqlarına toxunulmasın.

- Türkiyə və İsraildə hansı işləri görə bildiniz? Bu kiçik hadisə deyil və ziddiyyətli məqamlar və yəqin ki, təhqiqat obektləri də çox olmalıdır. 

- Qısa zamanda çox iş gördük. Bizim araşdırmamızın xüsusiyyəti belədir ki, müayinə dairəsi çox böyükdür. Bura ictimai-siyasi xadimlər, vətəndaş cəmiyyəti üzvləri, onların fikirləri, bu işin istintaqını aparan rəsmi orqanlar, hadisə zamanı yaralananlar, ölənlərin ailə üzvləri, şahidlərlə sorğulu söhbətlər, hadisə yerinə, silah və alətlərə baxış, əlaqədar ekspertiza rəyləri, sənədlərlə tanışlıq və s. aiddir. Ancaq ölkələr və onların təhlükəsizlik sistemləri fərqlidirlər. Ona görə, birisində istintaq aparan icraçı prokurorla rahat görüşüb xeyli məlumatlar əldə edə bilirsən, ancaq hökumət üzvlərindən fikir öyrənmək çətin olur. Digərində xarici işlər naziri ilə görüşmək daha mümkündür, nəinki yaralanmış əsgər ilə. İsraildə Parlament rəhbərliyini təmsil edən tanınmış deputat bildirdi ki, hətta ona əsgərlə görüşməyə icazə verməyiblər. Çünki həmin əsgərlər  məxvi xidmət sahəsinə aiddirlər və hələ bərpa sağalma dövrü keçirlər.

- Səfər zamanı apardığınız iş müəyyən rəyə gəlmək üçün kifayət etdimi?

- Tam kifayətedici olmadı, təbii ki. Məsələn Türkiyə tərəfdən yaralı və ölənlərin tibbi ekspertiza rəyləri, güllələrin ballistik ekpertiza rəyləri hələ hazır deyil. İsrail tərəfdən istintaq başa çatmayıb deyə, onların istintaq komissiyasının üzvləri ilə görüşmək mümkün olmadı. Gəmiyə istintaq altında olduğu üçün baxış keçirə bilmədik. Düzdür, hər iki tərəf mənə bu məsələ barədə öz fakt və sübutlarını, informasiyalarını təqdim etdilər. Ancaq bütün bunlar yalnız ilkin nəticələrə gəlmək üçün kifayət edə bilər.

- Tərəf deyəndə hər iki hökuməti nəzərdə tutursunuz yoxsa…

- Xeyr, insident iki hökumət arasında baş verməyib. Tərəfin birisi Qəzzaya gedən gəmi karvanını təşkil edib, baş qərargahı İstanbulda yerləşən İHH-İnsan Haqları Hüriyyətidir. Bu bir ictimai əsaslarda yaradılmış təşkilatdır. Mən bir neçə dəfə onların ofisində oldum, rəhbərləri ilə görüşdüm. Çox güclü, imkanlı təşkilatdır və Türkiyə hökumətinə bağlı deyil. Təsəvvür edin ki, bu ilin mart ayında xüsusi olaraq bu yürüş üçün 1 milyon dollara «Mavi Mərmərə» gəmisini alıblar. Bir çox xarici ölkələrdə nümayəndəlikləri, istinad nöqtələri var. Digər tərəf isə, İsrail Hərbi Kommandosudur ki, bu da təbii ki, İsrail hökumətinə balğıdır. Yəni çəkişmə İHH ilə İsrail hökuməti arasındadır. Ona görə də məhz bu qurumlar mənə öz dəlil sübutlarını göstərdilər. Türkiyə hökuməti isə, istər-istəməz münaqişə üzvünə çevirilib. Çünki Türkiyə vətəndaşları ölüb və yaralanıb, onlara sahib çıxır, gəmi də Türkiyənindir.

- «Mavi Mərmərə» İnsident ilə bağlı müəyyən fikirləriniz yəqin ki, formalaşmamış deyil. Qısa da olsa, bilmək maraqlı olardı.

- Mənim ilkin qənaətim belədir ki, «Qəzzaya yardım» missiyası qanlı toqquşma ilə başa çatmamalı idi. Ekspert kimi hər şeyi analiz etdikdə onun qanla bitmə versiyası 10-nun 1-ə və hətta 20-nin 1-ə nisbətində olmalı idi. Tamamilə məntiqi əsası olmayan lazımsız bir insidentdir. Hadisələrin ən pis və uğursuz variantda inkişafı belə bir gözlənilməz qanlı toqquşmaya gətirib çıxarıb. Araşdırmanın  elə ilk detalları göstərir ki, nə aktivistlər, nə də əsgərlər qan tökmək, bir-birini məhv etmək məqsədində olmayıblar. Onlar hər birisi qarşı tərəfin belə sərt davranışını gözləmirmiş. Qanlı olaydan əvvəl axşam saat 22.30-dan gecə 4.30-a kimi, 6 saat  Aralıq dənizinin sularında, qaranlıq gecədə bunlar bir-birini müşahidə və təqib şəraitində üzüblər. Bu müddətdə hər iki tərəf öz hökumətlərinə və bütün dünyaya xəbərlər göndəriblər ki, belə bir vəziyyət yaranıb, nə edək? Gözləyiblər ki, yəqin hansısa bir siyasi qərar verilər və bu gərgin qarşıdurma vəziyyəti dayandırılar, çarə tapılar. 6 saat gecə qaranlığında, belə dəhşətli, yüksək psixoloji-emosional gərginlik şəraitində onların əsəbləri tarıma çəkilib.

- Belə çıxır ki, bu toqquşmanın qarşısı digər müxtəlif vasitələrlə alına bilərdi.

- Hadisə qəfildən bir neçə dəqiqənin içində baş verməyib Bu hadisənin qarşısı hələ bir neçə ay öncə başlanğıcından və ən azı həmin son 6 saat  dövründə alına bilərdi. Əgər Türkiyə-İsrail hökumətləri arasında son dövrlərdə yaranmış  soyuqluq olmasaydı… BMT, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, NATO,  Ərəb Ölkələri Liqası kimi təşkilatlar bu 6 saat müddətində məsuliyyətsizcəsinə susublar.

- Baş vermiş hadisənin konkret günahkarları barədə nə deyə bilərsiniz?   
- Qeyd etdim ki, araşdırma başa çatmayıb. Ancaq mənim qənaətimə görə bu məsələdə  kənar 3-cü bir qüvvənin rolu görünür və bu münaqişədə maraqlıdır. Bu hətta o qədər güclü qüvvədir ki, Türkiyə və İsrail münasibətlərinin soyuqluğundan sui-istifadə edə bilmək və bu iki ölkəni münaqişə səviyyəsinə çatdıra bilməyə qadirdir. İsrail tərəfi bu qüvvəni İHH-da görür. Ancaq mən düşünürəm ki, bu qüvvə İHH kimi bir çox təşkilatları təmin və tənzim qüvvəsinə malikdir və bunun özü ayrıca bir araşdırma mövzusudur.

 Elmar




Oxunub: 152 dəfə.