Baş səhifə | Bizimlə əlaqə
Təqvim
Reytinq

23 -07 -2010 . “Vəkilləri nəinki dinləyən, heç sayan da yoxdur”

Namizəd Səfərov: «Məhkəmələrə tapşırılıb ki, dövlətlə vətəndaş arasında yaranan mübahisələrdə birincinin tərəfi saxlanılsın»


«Vəkillik institutu hüquq institutları içərisində ən hüquqsuz olanıdır»

Tanınmış vəkil Namizəd Səfərovla vəkilliyin problemləri ilə bağlı danışmışıq. O, suallırımızın cavabında qanunvericlikdəki problemləri, bürokratik əngəlləri, məhkəmələrin fəaliyyətini, hakimiyyətin təsirini ətraflı şəkildə izah edib. Müsahibəni təqdim edirik. 

- Namizəd müəllim, “Vəkillik fəaliyyəti haqqında» qanuna həmkarlarınızın yanaşması müxtəlifdir. Məsələn, qanunun mövcud variantının ortalığa çıxmasında xidməti olan Aslan İsmayılov sənədi normal adlandırıb. Sizin münasibətiniz necədir?

- İstənilən halda cəmiyyətin bütün təbəqələrini qane edən ideal qanun hazırlamaq mümkünsüzdür. Bütün normal ölkələrdə qanunlar cəmiyyətlərdəki münasibətləri nizama salmaq üçün hazırlanır. Götürək, Rusiyanın, Almaniyanın Mülki Məcəlləsini, Azərbaycandakı eyniadlı qanundan xüsusi fərqlənmir. Amma sovet dövrünün qanunundan fərqlənir, çünki ictimai formasiya dəyişib. “Vəkillik fəaliyyəti haqqında» qanun da bütün dünyada qəbul olunmuş ümumi normalarla uyğunlaşmalıdır.

- Bəs mövcud qanun dediyiniz normalara uyğundurmu?

- Əlbəttə. Lakin sənədə salınan bir neçə norma ilk baxışda adi görünsə də, məsələnin dərininə gedəndə fərqli situasiya yaranır. 

- Konkret göstərə bilərsinizmi həmin normanı?

- Məsələn, hər hansı vəkilin Vəkillər Kollegiyasından çıxarılma qərarını Rəyasət Heyəti qəbul edir. Amma vəkilin kollegiyadan çıxarılması məhkəmənin hüququdur. Qanunda isə yazılıb ki, Rəyasət Heyəti vəkili kollegiyadan kənarlaşdırır və bu qərarın qəbulunu məhkəməyə həvalə edir. Məhkəmələrin icra hakimiyyətinin əlində alət olması heç kimə sirr deyil, yəni elə bir məhkəmə instansiyası yoxdur ki, Ədliyyə Nazirliyi tərəfindən qəbul olunan bir qərarı qəbul etməsin. Demək istəyirəm ki, Vəkillər Kollegiyasının qəbul etdiyi qərarları Ədliyyə Nazirliyi tam şəkildə müdafiə edir. İndi təsəvvür edin, vəkilin üzərində 10-15 cinayət işi olur və o, kollegiyadan çıxarılır, məhkəmənin qərarı qüvvəyə minənə qədər vəkil kollegiyaya üzv sayılmır. İkinci, vəkil müdafiə etdiyi vətəndaşla bağlı qaldırılan cinayət işinin bütün sənədləri tanış olmalı və gərəkli sənədləri toplamalıdır. Amma bütün sənədləri müstəntiqlər toplayır və ekspertizadan da keçirir. Vəkillərin isə heç bir hüququ yoxdur. Baxın, Gürcüstanın, Rusiyanın, Türkiyənin və Almaniyanın müvafiq qanunlarını bizim qanunla müqayisə etsəniz müqayisə olunmaz mənzərə ilə rastlaşacaqsınız.

- Mən yenə də qaldırdığınız məqamı detallaşdırmağınızı istəyirəm. Necə normal sayıla bilər ki, vəkil kollegiyanın üzvü deyil və buna görə o, müdafiə işinə çıxa bilməz?

- Azərbaycanda «vəkil» sözü yalnız kollegiyanın üzvü olan şəxslərə aid edilir. Bu, əlbəttə ki, düzgün deyil. Məsələn, hər hansı müəssisədə hüquq şöbəsi var və müəssisə məhkəmə işinə hər bir hüquqşünasını göndərə bilər. Amma həmin müəssisənin vəkili təşkilatını Ali Məhkəmədə müdafiə etməyə ixtiyarı yoxdur, bunun üçün mütləq kollegiyanın üzvü olan bir vəkili yanına qoşmalıdır. Bu bənd “Vəkillik fəaliyyəti haqqında qanun”a, Cinayət Məcəlləsinə əlavə olunub. Mən bu əlavəni vəkillərə qarşı repressiya hesab edirəm. Şəxsən məni kollegiyadan çıxartdıqlarına görə bu repressiyadan başqa bir şey deyil.

- Belə olanda Siz vəkil kimi necə fəaliyyət göstərirsiniz?

- Mən yalnız mülki işlərdə vətəndaşların hüquqlarını müdafiə edirəm. Onun üçün də kollegiyanın üzvü olmaq lazım deyil, amma mənim Ali Məhkəmədə iştirak etmək hüququmu alıblar. Yəni işi Ali Məhkəməyə qədər aparıram, sonra vətəndaş başqa vəkillə formal müqavilə bağlamalıdır.
- Bəs hansı səbəb gətirib Sizi kollegiya üzvlüyündən kənarlaşdırdılar?

- Bu, bir komediyadır! Müvafiq qanunda qeyd olunub ki, vəkil o zaman kollegiyadan çıxarıla bilər ki, vəkillik fəaliyyəti zamanı nöqsana yol versin. Vəkillik fəaliyyəti nə deməkdir? Vətəndaşların hüquq və vəzifələrini müdafiə edərkən ya məhkəmədə, ya da məhkəmədən kənar elə bir qanun pozuntusuna yol verirəm ki, bu, mənim vəkil kimi çalışmağımı mümkün hesab etmir. Yəni müdafiə etdiyim şəxsin mənafeyinə zidd hərəkət edirəm. Yalnız bu hərəkətə görə vəkili kollegiyadan çıxara bilərlər. Məni işlədiyim məsləhətxananın sədri rəhmətə getdiyindən müvəqqəti olaraq bir nəfəri 10 gün müddətinə müdir təyin etdiyimiz üçün kollegiyadan çıxartdılar. Halbuki, müvafiq qanunda yazılıb ki, məsləhətxanaya müdir seçmək üzvlərin səlahiyyətindədir. Rəyasəti Heyətinin qərarımızı qəbul etməyəcəyini nəzərə alıb, müdiri müvəqqəti seçmişdik. Ancaq daimi seçmək hüququmuz da var. Məsləhətxanada 32 vəkil işləyir və hər biri gündə onlarla müqavilə imzalayırlar, bu müqavilələrdə mütləq müdirin imzası olmalıdır. Əgər müdir vəfat edibsə, məsləhətxana üzvlərinin yeni müdir seçməsi vacibdir. Kollegiya rəhbərliyi bu addımı bəhanə edib məni kollegiyadan kənarlaşdırdılar, sonra Nəsimi Rayon Məhkəməsi, Bakı Apelyasiya və Ali Məhkəmə qərarı təsdiqlədilər. Bütün bunlar bir telefon zəngi ilə həll olundu.

- Ümumiyyətlə, kollegiyadan kənarlaşdırılmağınızın pərdəarxası məqamları varmı?

- 2004-cü ildə mən və Vüqar Xasayev Rəyasət Heyətinin üzvü kimi konfransda məsələ qaldırdıq ki, sədr Azər Tağıyev 10 ildir eyni postadır. Qanunda da yazılıb ki, bir nəfər iki müddətdən çox sədr ola bilməz. Düzdür, biz bilirdik ki, Azər Tağıyev elə kök salıb ki, onu sədrlikdən çıxartmaq mümkün deyil. Ancaq alternativ olaraq tanınmış vəkil Adil İsmayılovun namizədliyini irəli sürdük. Əlbəttə ki, seçki proseduralarının pozulması hesabına Azər Tağıyev yenidən sədr seçildi. Bundan sonra Tağıyev bizi özünə qarşı çıxan Rəyasət Heyətinin üzvləri kimi qəbul etdi, yəni müxalifətçi kimi. Onun düşüncəsinə görə Vəkillər Kollegiyası dövlətin və məhkəmələrin  qulu olmalıdır. Amma biz Rəyasət Heyətinin üzvü kimi Azər Tağıyevin kollegiya adından qeyri-qanuni addım atmasına imkan vermirdik, az-çox demokratik mühit yaratmışdıq. Bu vəziyyəti dəyişmək üçün Azər Tağıyev bizi kollegiyadan uzaqlaşdırdı.

- Mən istəyirəm bir az tənqidi məqamlara toxunaq. Vəkilləri bəzən  məhkəmələrlə vətəndaş arasında vasitəçi adlandırırlar. Siz bu barədə nə deyə bilərsiniz?

- Bu gün kollegiya üzvü olmadığımdan onların mənim tərəfimdən müdafiə olunması düzgün olmazdı. Ancaq deyilənlərlə razılaşmıram, Azərbaycanda çox güclü vəkillər var. Bilirsiniz, vəkil müqavimətə rast gələndə güclü olur, amma bizim vəkillərə qarşı müqavimət yoxdur. Əgər müqavimət olsa Azərbaycan vəkillərinin dünyada hansı gücə malik olması aşkarlanar. Təsəvvür edin ki, normal ölkələrdə vəkillər qanunu qoyurlar hakimin qarşısına və məntiqi izahat verirlər, bununla da istəklərinə nail olurlar. Bizdə isə bu mümkün deyil. Azərbaycan məhkəmələrində qanuna istinad edirsən, məntiqi izahat verirsən, amma təqsirləndirilən şəxsin müdafiəsinə nail ola bilmirsən.

- Maraqlıdır ki, heç güclü vəkillərimiz də bir iş uda bilməyiblər…

- Vəkillərimiz necə iş uda bilər ki, son qərarı məhkəmə qəbul edir. Sizi inandırıram ki, ən qanuni bir işi götürürsən və bilirsən ki, qanun sənin tərəfindədir. Amma özünə inanmırsan ki, işi udacaqsan. Çünki vəkildən heç nə asılı deyil. Vəkil isbatlı arqumentləri ortalığa qoysa da, hakim istədiyi qərarı qəbul edir.

- Bu, məhkəmələrin icra hakimiyyətindən asılı olmasından, yoxsa korrupsiyaya bulaşmasından irəli gəlir?

- Hesab edirəm dediyiniz problemin həlli siyasi iradədən asılıdır. Dövlət səviyyəsində istəmirlər ki, məhkəmələr müstəqil olsun və vəkillik institutu inkişaf etsin. Bu gün məhkəmə institutları içərisində vəkillik institutu ən demokratikidir. Əgər vəkilin hüququ məhkəmə sistemində yüksəkdirsə, deməli həmin cəmiyyətdə demokratiklik var. Bu gün sübut etməyə ehtiyac yoxdur ki, vəkillik institutu hüquq institutları içərisində ən hüquqsuz olanıdır. Vəkilləri nəinki dinləyən, heç sayan da yoxdur. Baxmayaraq ki, kollegiyada vəkillərin sayını süni surətdə minə çatdırmaq üzrədirlər, ancaq keyfiyyət çox aşağıdır. Yəni normal vəkil tapmaq çox çətindir.

- Bu, nədən irəli gəlir?

- Dediklərim kollegiya rəhbərliyini tənqiddən irəli gəlməsin, məncə, süni şəkildə bu vəziyyət yaradılır ki, savadlı şəxslər kənarlaşdırılsın. Savadlı vəkilin məhkəmədə iştirakı hakim üçün başağrısıdır. Təsəvvür edin ki, savadlı vəkil camaatın içində ortalığa qanunları qoyub sübut edir, hakimə isə sifariş veriblər ki, belə qərar qəbul et! Hamının qarşısında ağa qara demək hakim üçün çox çətindir. Ona görə hakim yuxarılara bu vəziyyəti çatdıranda, kollegiyada dediyim durum yaradılır.

- Bu günlərdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Konstitusiya Məhkəməsini sərt tənqid etdiyi bildirildi. Ümumiyyətlə, məhkəmə korrupsiyasının başında yalnız bu məhkəmə instansiyası dayanır?

- Bu korrupsiyanın başında hakimiyyət dayanıb. Bu gün dövlət siyasi iradə ortalığa qoysa, məhkəmələrdə korrupsiyanın qarşısını bir günə almaq olar. Baxın, Gürcüstana, görün hansı dəyişikliklər baş verir. Sovet dövründə rüşvətlə bağlı bütün lətifələrdə gürcülər hallanırdı və korrupsiyanın başında gürcülərin olduğunu deyirdilər. İndi Gürcüstanda korrupsiyasız bir sistem yaradıblar ki, bu, prezident Saakaşvilinin iradəsinin nəticəsidir. Ondan bunu necə etdiyini soruşanda cavab verib ki, əgər özü rüşvət almırsa, heç bir məmuru da ala bilməz. Heç kim deyə bilməz ki, rüşvətxorluq yalnız məmur korpusuna yayılıb, bütün təbəqələr bu xəstəliyə düçar olub. Çünki korrupsiya üfunətinə bulanmış cəmiyyətdə sağlam qalmaq mümkün deyil.

- Namizəd müəllim, vətəndaşların məhkəmələrə müraciət etmək mədəniyyəti hansı səviyyədədir?

- Hüquqları pozulmuş vətəndaşların məhkəməyə müraciəti olduqca sivil addımdır. Artıq insanlar anlayır ki, ona qarşı edilmiş ədalətsiz yalnız məhkəmədə aradan qaldırıla bilər. İkinci yer yumruq meydanıdır ki, bu, sivil yol deyil. Təəssüf ki, vətəndaşlarımız ümid bağladıqları bu qurumdan da ümidlərini itiriblər. Bu da məhkəmələrdə qoyulan sədlərlə bağlıdır, yəni bürokratik əngəllər vətəndaşı bezdirir. İkinci, vətəndaşların maddi vəziyyəti məhkəməyə müraciətə problem yaradır. Üçüncü, vətəndaşın hüququnu pozan məmurlar məhkəmədə güclü olurlar. Nəhayət, buna bağlı olan məhkəmələrə ümidlərin ölməsi bu quruma ehtiyac yaratmır. Hələ görməmişəm ki, kommunal və mülki məsələlərlə bağlı narazılıq edən vətəndaşın məhkəmədə iddiası təmin olunsun. Çünki qeyri-rəsmi şəkildə məhkəmələrə tapşırılıb ki, dövlətlə vətəndaş arasında yaranan bu cür mübahisələrdə birincinin tərəfi saxlanılsın. Yaxud banklarla bağlı məhkəmələrə gedən şikayətlərin 70% vətəndaşların əleyhinə çıxarılır. Əslində banklar haqlıdırlar. Çünki kredit verirlər, amma vətəndaş qaytara bilmir və bu mübahisə məhkəməyə yönəlir. Bu gün məhkəmələrdə onlarla bu cür işlər var.

- Siz Avropa Məhkəməsi perspektivini görmürsünüz ki, vətəndaşların yerli məhkəmələrə ümidini itirdiyini deyirsiniz?

- Çox maraqlı məsələdir. Vətəndaşlar düşünür ki, yerli məhkəmələrdə qanunsuz qərarlar qəbul olunsa belə, öz hüququnu Avropa Məhkəməsində bərpa edəcək. Ancaq Avropa Məhkəməsi minlərlə şikayətə tez bir zamanda cavab vermək gücündə deyil və bizim bu qurumda bir hakimimiz var. İkinci, bu qurumda ayda bir işə baxırlar və gedən yüzlərlə işin geri qayıtması vətəndaşlarda belə rəy yaradıb ki, hakimiyyət Avropa Məhkəməsini də ələ alıb. Əgər statistika açsalar dediklərim təsdiqlənər.

- Bu gedişat vəkillik və məhkəmə institutuna nələr vəd edir?

- Sovet dövründə qanunsuzluqları görəndə istər-istəməz düşünürdük ki, bu gec-tez partlayacaq. Amma inanmırdıq ki, SSRİ boyda ölkə dağılacaq. Bu gün Azərbaycanda korrupsiya elə səviyyəyə çatıb ki, hər an kataklizmlərin olması mümkündür.

- Sizcə, sovet dövründə vəkilliklə məşğul olmaq asan idi, yoxsa bu gün?

- Əlbəttə o zaman asan idi. Ən azı proses Moskvaya gedirdi və mərkəzdə qərarların 50%-dən çoxu ədalətli qəbul olunurdu. İkinci, yerli məhkəmələr indiki kimi qanunsuzluqlara yol vermirdilər ki, vətəndaş istər-istəməz Moskvada ədalətli qərarın qəbuluna nail olacaq. Bugünkü gün vəziyyət əksinədir və Avropa Məhkəməsi də yuxarıda dediyim səbəblərdən gözlənilən nəticəni doğrultmur.

Natiq CAVADLI




Oxunub: 132 dəfə.