Yaxud, demokratik düşərgəyə xəyanət edən bir şəxsi yenidən cəmiyyətə sırımaqda məqsəd nədir?
Dünən Milli İstiqlal Partiyasının orqanı kimi nəşr edilən «Millət» qəzetinin bir nömrəsi təsadüfən əlimə keçdi. Adıçəkilən qəzetdə AMİP-ə yeni qoşulan sabiq deputat və sabiq MSK üzvü Yusif Bağırzadə ilə müsahibə dərc edilib. Son bir neçə ildə ictimai-siyasi proseslərdən təcrid edilən Y.Bağırzadə Azərbaycanın ilk partiyası olan və vaxtilə ölkənin aparıcı siyasi qüvvələrindən biri kimi xarakterizə edilən Milli İstiqlal Partiyasının az qala lideri kimi cəmiyyətə təqdim edilir. Sanki uzun illərdir bu partiyanın rəhbərliyində təmsil olunan bu şəxs təşkilatın gələcək priritetlərini müəyyən edir, proqnozlar verir. Y.Bağırzadəni tanımayan bəzi şəxslər müsahibəni oxuyanda onun AMİP-i dirçəldəcəyinə ümid edə bilər. Ancaq sosial dayaqlarını bütünlüklə itirən, qolu-qanadı sınan bir partiyanı Yusif Bağırzadənin önə çıxaracağına inanan adam axmaq ola bilər. Rəsul Quliyevin imkanları dövrlərində YAP-dan çıxaraq, onun partiyasına qoşulan Y.Bağırzadə sonradan müxalifətdəki mərhumiyyətlərə dözmədiyi üçün öz liderinə və bütövlükdə demokratik düşərgəyə xəyanət etdi. Söhbət onun Mərkəzi Seçki Komissiyasındakı fəaliyyəti dönəmindən gedir. Xatırlayırsınızsa, həmin vaxt MSK-nın saxta protokollarına imza atan Y.Bağırzadənin hakimiyyətdən buna görə, 1 milyon dollar pul aldığını deyənlər də oldu. Həmin vaxt, cəmiyyətin və təmsil olunduğu düşərgənin nifrətiylə qarşılanan bu adam siyasi meyidə çevrildi. Hətta ilin bütün dönəmlərində rəsmi geyimdə olan Y.Bağırzadə özünü tanıtmamaq üçün geyim tərzini də dəyişmişdi. Bütün jurnalist həmkarlarım etiraf edər ki, protokolları imzalayandan sonra onun telefonları bir dəfəlik qapandı. İllərlə camaat içinə çıxmayan Y.Bağırzadə indi AMİP-də peyda olub. Ancaq o, düşünrüsə ki, AMİP-dəki fəaliyyəti onun reablitasiya edəcək, yanılır. Əvvala ona görə ki, Y.Bağırzadə özünün üçüncü partiyasını dəyişir və Allah bilir AMİP-dən sonra hara üz tutacaq.. Cəmiyyətdə tez-tez partiya dəyişənlərə isə münasibət bəllidir. Digər tərəfdən Y.Bağırzadə həm də müxalifətə xəyanət edən adam kimi yadda qalıb. Belə bir məqamda onun yenidən siyasətə qayıtması uğursuzluqdan başqa bir şey deyil. Bəlkə də ola bilsin ki, Y.Bağırzadəni AMİP-ə yollayıblar. Çünki, seçkilər ilində hakimiyyət çalışacaq ki, ölkənin real siyasi qüvvələrinin parlamentdə təmsilçiliyinə maneçilik törətsin. AMİP nüfuzdan düşsə də ölkənin ilk siyasi partiyalarından biri kimi müəyyən beynəlxalq çevrədə tanınır. Görünür, Y.Bağırzadə kimi özlərinə yaxın adamları AMİP-in adıyla parlamentə salmaq istəyi var. Bu ideyanın müəllifləri bununla dünyaya mesaj vermək istəyirlər ki, ənənəvi müxalifət də parlamentdə yer qazanıb. Ancaq bu planın müəllifləri dərk etməlidirlər ki, AXCP və Müsavatın təmsil olunmadığı parlament legitim sayıla bilməz. Son olaraq, böyük siyasətə «qayıdış edən» Yusif Bağırzadədən soruşmaq istəyirəm: MSK-da çalışdığınız zaman nədən saxta seçkilərin nəticələrini əks etdirən protokolları imzaladınız? Yaxud, saxta protokolları imzalayandan sonra niyə camaatın üzünə çıxa bilmədiniz və telefonlarınız ən azı 6 ay bağlı qaldı?