Baş səhifə | Bizimlə əlaqə
Təqvim
Reytinq

Köşə yazısı
Müşfiq TOFİQOĞLU
-

27 -05 -2010 . Azərbaycanı iqtisadi böhran hədələyir

Yaxınlaşan təhlükə xarici mətbuatın da diqqətini cəlb edib

Azərbaycan hökumətinin dünya maliyyə böhranına meydan oxuması heç də təzə xəbər deyil. Təzə olan odur ki, Beynəlxalq Valyuta Fondunun (BVF) rəsmi açıqlamasından sonra dünya mətbuatı da Azərbaycanı təhlükəli böhranın gözlədiyini yazmaqdadır. Fondun aydın ifadə edilmiş qənaətinə görə, davam etməkdə olan böhran artıq gələn il Azərbaycan iqtisadiyyatını tənəzzülə uğradacaq. Səbəb isə çox sadədir: Hökumətimiz neftdən başqa iqtisadi inkişaf yolu tanımır, neft isə hörmətli zirvələrdən enməkdə, yəni ucuzlaşmaqdadır. Amma mən əminəm ki, məmurlarımız – məsələn, Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev və ya Milli Bankın sədri Elman Rüstəmov xalqa bolluca söz yedirtməkdə həmişəki kimi yüksək bacarıq nümayiş etdirəcəklər.

Son günlərədək qarşısında telekanal mikrofonu görən istənilən məmurumuz dünya maliyyə böhranının Azərbaycana təsir etmədiyini, hökumətin ağıllı siyasət yürüdərək böhranın mənfi təsirlərini dəf etdiyini car çəkirdilər. Amma BVF iqtisadçıları vəziyyəti başqa cür görürlər. Onların bu ayın ortalarında açıqladıqları hesabata görə, beynəlxalq yardımların qıt vaxtında neftin davamlı şəkildə ucuzlaşması demək olar ki, bütünlüklə enerji sektorundan asılı olan Azərbaycan iqtisadiyyatını tənəzzülə yuvarladacaq. Hökumətin büdcə rəqəmlərini təkrar gözdən keçirmək niyyəti də durumun yaxşı olmadığını göstərir. Artıq cari ilin iqtisadi artım göstəricisi ötən illə müqayisədə təqribən üç dəfə azalaraq 2,7 faiz səviyyəsində proqnozlaşdırılır. Bu enişin başlıca səbəbi isə neft sektorunda gözlənilən 10 faizlik azalmadır.
Maraqlıdır ki, 2008-ci ildə 16 faiz artım göstərən qeyri-neft sektoru, 2009-cu ildə 3 faizlik artımla kifayətlənsə də, məmurlar çəkinmədən maliyyə böhranının Azərbaycana təsirsiz ötüşdüyünü iddia edirlər. Başa düşə bilmirəm ki, hökumət «təsir» deyəndə nəyi nəzərdə tutur. Məgər təsiri görmək üçün böhran öküz cildinə girib Azərbaycanı buynuzlamalıdırmı? Qeyri-neft sektorunda artımın 5 dəfədən çox azalması böhranın təsiri adlanmasın, nə adlansın?
BVF illərdən bəri hökuməti ticarətin həvəsləndirilməsi, vergi və gömrük sisteminin modernləşdirilməsi, ən başlıcası isə, inhisarçılığın məhdudlaşdırılması yolu ilə özəl sektorun inkişafını stimullaşdırmağa çağırır. Amma hökumət nəinki bu çağırışlara müsbət reaksiya vermir, əksinə, bütün çağırışları tərsinə reallaşdırır. Sadalanan bütün istiqamətlərdə vəziyyət ildən-ilə pisləşməkdədir. Yığılıb qalan problemlər isə tez-gec partlayış həddinə çatmalıdır. Elə BVF ekspertləri də bu partlayışı artıq qarşıdakı bir-iki il üçün proqnozlaşdırır. Bütün çıxış yolları isə məmurların özəl maraqları ilə ziddiyyətə girir.
Vəziyyət artıq dünya mətbuatının da diqqətini cəlb edib. Çinin «AsiaNews» qəzeti Azərbaycan hökumətinin artımdan danışdığını, amma öz iddialarına dair təfərrüatları açıqlamadığını yazır. Qəzet Arif Vəliyevin açıqlamalarına diqqət çəkərək, onun ilin ilk 4 ayı ərzində 5 faizlik iqtisadi artımla bağlı açıqlamasını şübhə altına alıb. Qəzetin analitik materialında qeyd edilir ki, hökumət əsaslandırma vermədən inkişaf iddiaları ortaya qoyur və eyni zamanda yardım üçün beynəlxalq maliyyə institutlarına üz tutur. Belə «yalvarış» aktlarından birini bu günlərdə iqtisadi inkişaf naziri Şahin Mustafayev reallaşdırıb. O, Avropa Yenidənqurma və İnkişaf Bankının icraçı direktoru ilə görüşü zamanı xahiş edib ki, bank Azərbaycanda özəl sektorun dəstəklənməsində fəal iştirak etsin. Maraqlı mənzərədir: Məmurlarımız öz inhisarçı maraqları naminə özəl sektoru təpikləyirlər, sonra da əcnəbilərdən bu sektoru dəstəkləməyi xahiş edirlər.
Çin qəzetinin müşahidələrinə görə, Azərbaycanda əhali onsuz da dolanışığını çətinliklə çıxarır və üstəlik, 2011-ci ildən etibarən bu ölkənin vətəndaşlarını ağır böhran sınağı gözləyir. Amma bu halda məmurlarımızın xalqa nə deyəcəyi mənim üçün maraqlı deyil – mütləq söz tapacaqlar. Söz də pul deyil ki, yığıb üstündə oturalar…




Oxunub: 692 dəfə.


Yazarın arxivi: