Baş səhifə | Bizimlə əlaqə
Təqvim
Reytinq

Köşə yazısı
Bahəddin Həziyev
haziyev@gmail.com

26 -05 -2010 . Siyasi təbiətin problemləri

Və ya biz nədən təbiətin siyasəti ilə üz-üzə qaldıq?

Nəsib Nəsibli: «Milli Məclis daşqınlar müzakirə etsin» deyəndə onun deputat həmkarı Gülhüseyn Əhmədov: «Təbii fəlakəti siyasiləşdirməyin» deyə səslənib. Tanış və elə o qədər də qəribə məntiqdir (daha doğrusu, məntiqsizlikdir). Bu Milli Məclis bəs nə üçündür? Bəs nəyi müzakirə etmək üçündür? Yaxşı, ailədaxili zorakılığı asanlıqla müzakirə edirsiniz. Bəs ölkədaxili zorakılığı kim  müzakirə edəcək? Korrupsiyadan danışma, neft gəlirlərinin daşa-divara yaxmac edilib yeyilməsindən danışma, dağılan yoldan danışma, uçan körpüdən danışma… Hamısı siyasiləşir. Siyasiləşdirməyək yəni. Onu siyasiləşdirmə, bunu ictimailəşdirmə. Bəs nə edək? Təbiiləşdirək? Yoxsa bədiiləşdirək? 

O zaman hardan alaq Səməd Vurğunu ki, yeni bir «Muğan» poeması yazsın?! Bəlkə Zəlimxan Yaquba Neft Fondunun hesabına dövlət sifarişi verək ki, Əhmədzadənin təmizləmədiyi Kürü tərifləyib göylərə qaldırsın?! Ya da son illər bədiyyətdən siyasətə, ordan da «QHTiyyət»ə transfer eləmiş Musa Yaqub Etibar Pirverdiyevin Mingəçevirdə satıb sovduğu mazuta qafiyə tapsın? (Mənim ağlıma «tubut»dan başqa bir qafiyyə gəlmədi). Gül kimi təbiət şairləridir hər ikisi. Təbii olan hər şeyin, o cümlədən də, fəlakətin dilini onlardan yaxşı kim anlayacaq?! Bəlkə Teymur Əmraha deyək, Aydın Bəşirovun Türkmənistana verdiyi liltəmizləyən gəmiyə «Əlvida» mahnısı oxuyub göz yaşı töksün?

Əslində heç güləsi, əylənəsi durumda deyilik. Sarkazm, satira yeri də qalmayıb. Faciənin bir addımlığındayıq. Bəlkə də içindəyik artıq. Siyasi vəzifə daşıyan, yəni siyasətçi olası deputat deyir ki, təbii fəlakətlə bağlı məsələni siyasiləşdirmək olmaz. Bunun səbəbi odur ki, bu adamın özünün siyasətə, hətta axtarsan bəlkə ictimaiyyətə heç bir dəxli olmayıb və yoxdur.

İndiki təbii fəlakətin qarşısının alınması dövlətin təhlükəsizliyi, varlığı ilə bağlı bir məsələdir. Ən azı həmin Gülhüseyn Əhmədov kimilərə «səs vermiş» camaatın məsələsidir. Bəli, buna qədər qanun verib dediniz ki, şəhərin mərkəzində siyasətlə məşğul olmaq (şəhərin mərkəzini siyasiləşdirmək) olmaz. Bəs siyasətin mərkəzində siyasətlə məşğul olmağı niyə yasaqlayırsınız, cənab deputat? Axı bu məsələnin həllinə – təbii fəlakətin ram edilməsinə dövlət başçısı birbaşa nəzarət edir; sərəncam verib dövlət komissiyası yaradır, baş naziri, bütün dövlət və hökumət strukturlarını bu işə səfərbər edir.  Ölkənin siyasi rəhbərliyinin gündəmində duran bir nömrəli məsələ siyasi deyil, bəs nədir? Bilirsiniz, zamanla cəmiyyəti siyasətdən uzaqlaşdırdıq, indi onun əvəzinə təbiət gəlib siyasətə qarışdı, nəticəsi də ortada. Siyasətin təbiətinə qarşı getdik, təbiətin siyasəti ilə üz-üzə qaldıq.  

Əslində bu gün yaranmış vəziyyətin bir səbəbi də ölkənin idarəçiliyindəki xeyli insanların siyasətçi olmamasıdır. Siyasətlə məşğul ola bilməyənin parlamentdə nə işi var axı? Siyasətçi olmayanın siyasətdə nə işi var? Mandatını siyasi yolla, yəni seçkilərdə alan adam məsələlərin siyasiləşməsindən niyə qorxsun ki? Əgər qorxursa, deməli, öz mandatına özünün də şübhəsi var. Məntiq bunu deyir. 

Bəli, doğrudur, bu daşqınlar təbii fəlakətdir və dünyanın hər yerində var, dövlət də bütün gücünü qoyub onun qarşısını almağa çalışır; gedib öz gözümlə gördüm – gecə-gündüz iş gedir. Yerli məmurlardan biri dedi ki, 24 gündür evə getməyib, çayın üstündə gecələyir. Bu, həqiqətdir. Təbiət şıltaqlıq edib dağıdıcı gücünü bizə göstərib. Amma bütün günahları yığıb yumrulayıb bütünlüklə təbiətin boynuna yükləmək də olmaz – bununla özümüzü aldadarıq. Belə bir yanaşma gələcək fəlakətlərin əsasını qoya bilər. Burda siyasətin də günahının olduğunu, yaxud siyasətin olmadığını etiraf etmək zorundayıq. Misal üçün həmin parlamentdə həqiqətən yetərincə siyasət olmuş olsaydı, Hesablama Palatasına vaxtında göstəriş verərdilər ki, Kürün təmizlənməsinə, Mingəçevir su anbarının bərkidilməsinə, bəndvurma işlərinə dövlətin ayırdığı vəsaitin hara və necə xərcləndiyini yoxlasın, nəzarət eləsin. Axı parlamentin büdcəyə nəzarət funksiyası, yəni məsələləri «siyasiləşdirmək» hüququ var. Onsuz da bu qurumun səlahiyyətləri zaman-zaman çox qayçılanıb. Qəribəsi odur ki, qayçılayan da çox uzaqda deyil,  elə öz deputatları, yəni özü olub. Buna isə siyasi intihar deyərdim. Hərçənd mənə də irad tutacaqlar ki, intiharı siyasiləşdirirəm.

… Saatlı və Sabirabad camaatına təbii fəlakətin nə demək olduğunu izah etməyə ehtiyac yoxdur. Ancaq onların deputatı, bir sözlə, siyasətdən qorxan siyasətçilər əsl siyasi fəlakətdirlər.




Oxunub: 1075 dəfə.


Yazarın arxivi: